28.10.2016

Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçilərinin konserti

    Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliya və Azərbaycan musiqiçilərinin konserti  keçirilib. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Çerubini  Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb. İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.

    Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın xalq artisti Yeganə Axundova (piano) çıxış ediblər.İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər.  Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənib.  BMA nümayəndələrinin mübadilə proqramı çərçivəsində İtaliyaya səfəri isə 1-5 noyabr 2016-cı il tarixlərində baş tutacaq.

    Səfər çərçivəsində respublikanın xalq artistləri, BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva Luigi Çerubini  Konservatoriyasının professorları ilə birgə ustad dərsləri keçəcəklər.  Həmçinin, noyabrın 2-də Roma şəhərində, noyabrın 4-də isə Florensiya şəhərində Azərbaycan və İtaliya musiqiçilərinin birgə konserti nəzərdə tutulur.