19.03.2018

Xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi təşkil edilib

            Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional Ofisi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi təşkil edilib.

        GTM-nin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı, Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Təyyar Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva və başqaları çıxış edərək, uşaqları milli və tarixi adət-ənənələrimizin yaşadıldığı Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıblar.

        Bildirilib ki, tarixi qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyi və mehribanlığı təbliğ edir. Novruz, həm də ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır.

            Kosa və Keçəl uşaqları şənləndirib, onlara sevincli anlar bəxş edib. Folklor qrupunun Novruz adət-ənənələrini əks etdirən çıxışı, uşaqların ifasında təqdim edilən musiqi, səhnəcik və rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.


Açar sözlər: