16.09.2018

“Hər kəs üçün təhsil” kampaniyası həyata keçirildi

 

            Gənclər üçün Təhsil Mərkəzi İB-nin təşəbbüsü və YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının təşkilati dəstəyi ilə Ağcabədi rayonunda ilk dəfə məktəbə gedəcək ibtidai sinif şagirdlərilə yeni tədris ili və Bilik günü münasibətilə tədbir keçirilib. Tədbirdə “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyətinin sədri Nigar Bayramlı,  YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, təşkilatın əməkdaşı Mehman Novruzov,Təhsil şöbəsinin metodisti Fehruz Rəfiyev, ADPU Ağcabədi filialının əməkdaşları Tahir Kərimli, Anar Kərimli, Aygün Əlizadə və Ağcabədi Birlik Kikboksinq klubunun rəhbəri Mehman Quliyev iştirak etmişdir.

           Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan mərkəzin Qarabağ regional ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova yeni tədris ilində məktəblilərə müvəffəqiyyətlər arzulayaraq qeyd edib ki ,“Əhalinin əhəmiyyətli hissəsini təşkil edən region gəncləri ölkənin əsas innovativ potensialı və əmək resursudur və bu resurların cəmiyyətə faydalılığını təmin etmək biz müəllimlərdən asılıdır. Bir müəllim olaraq şagirdlərimiz üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və yeni tədris ilinin əsas hərəkətverici qüvvəsi olan müəllimlərə uğurlar arzulayıram”. Digər çıxışlarda da qeyd edilib ki, bu gün savadlılıq gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. Eyni zamanda savad almağın insan haqlarından biri olduğunu xatırladaraq və bunun bütün elmlərin əsası olduğunu vurğulayıblar.

Tədbirdə “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balaca fidanlarının və Ağcabədi Birlik Kikboksinq klubunun kiçik yaşlı idmançılarının ifasında maraqlı səhnəciklər,rəqs və idman nömrələri nümayiş olunmuşdur.

            Sonda "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi və “Güvən” Dostluq və Xeyriyyə Cəmiyyəti tərəfindən bu il ibtidai sinfə qədəm qoyacaq 50 nəfər şagirdə məktəbli çantası və dərs ləvazimatları paylanılıb.
 


Açar sözlər: