25.10.2019

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

          Oktyabrın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

          Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib.

     Görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib. Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətini vurğulayıb və  bildirib ki, müəllimdən yüksək peşəkarlıq, yüksək mədəniyyət, öyrətmək, eyni zamanda öyrənmək həvəsi və bacarığı, şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur. Firudin Qurbanov əlavə edib ki, müəllim şagirdinə qarşı həssas yanaşmalıdır.

       Nazir müavini müəllimlərin daim bilik və bacarıqlarının artırılması, onların təhsildə baş verən yeniliklərdən məlumatlı olması, fəal müəllimlər şəbəkəsinin formalaşması istiqamətində Assosiasiyanın yaradılmasının əhəmiyyətini də vurğulayıb.

        Daha sonra görüşdə iştirak edən müəllimlər öz fikir və təkliflərini bölüşüblər.

        Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

 

   

 

 


Açar sözlər: