04.01.2020

Ağcabədi rayon Hindarx qəsəbəsində Azərbaycanın milli qəhrəmanı Etibar Ismayılovun xatirəsi anılıb  

            Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi Ağcabədi rayonu Hindarx qəsəbəsində anılıb. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər çiçəklər düzərək, xatirəsini yad ediblər. E. İsmayılovun ailə üzvləri, müəllimləri və döyüş dostları çıxış edərək onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinə yazaraq Vətənimizin müdafiəsində iştirak edib. Bir sıra döyüşlərdə igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olur. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atır və onu ekipajla birlikdə məhv edir. 
        Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün təhsil aldığı Hindarx qəsəbə tam orta məktəbi onun adını daşıyır. 
            Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.

 


Açar sözlər: ,