31.05.2021

Respublika turnirinin zona mərhələsi davam edir

 

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.

Atletika idman növü üzrə İsmayıllı Olimpiya İdman Kompleksində, voleybol idman növü üzrə Göygöl Olimpiya İdman Kompleksində, basketbol idman növü üzrə Xaçmaz Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Saatlı Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd onların xatirəsini yad etmək, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Turnir “COVID19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.


Açar sözlər: