12.07.2021

Şəhid Bayramov Xəzər Azad oğlunun vətən müharibəsində keçdiyi döyüş yolu

Şəhid Bayramov Xəzər Azad oğlu 17 noyabr 1997-ci ildə Qaravəlli kəndində anadan olub. 2004-cü ildə Qaravəlli kənd tam orta məktəbinə daxil olub. 2015-ci ildə bu məktəbi uğurla başa vurub. 2016-cı ilin yanvarında çağırışla hərbi xidməti yerinə yetirmək üçün ordu sıralarına gedib. 2017-ci ilin iyulunda hərbi xidməti başa vurub, doğma kəndlərinə qayıdıb. Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Bayramov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət etsin.