14.07.2021

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

 

14 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 93 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 93 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2101 nəzarətçi–müəllim, 223 buraxılış rejimi əməkdaşı, 93 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Ağcabədi rayonunda təşkil edilən imtahanlar M.F.Axundov adına 3 saylı məktəb-lisey və C.İbrahimov adına 8 saylı tam orta məktəblərində keçirilib. Ağcabədi və Ağdam rayonları üzrə M.F.Axundov adına 3 saylı məktəb-liseydə 262 nəfər, C.İbrahimov adına 8 saylı tam orta məktəbdə isə 257 nəfər şagird iştirak edib.

 

 

 


Açar sözlər: