28.07.2021

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

28 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Ağcabədi rayonunda təşkil edilən imtahanlar M.F.Axundov adına 3 saylı məktəb-lisey, C.İbrahimov adına 8 saylı tam orta və S.Hüseynov adına Xocavənd 1 saylı kənd tam orta məktəblərində keçirilib. Ağcabədi rayonu üzrə M.F.Axundov adına 3 saylı məktəb-liseydə 218  nəfər, C.İbrahimov adına 8 saylı tam orta məktəbdə isə 216 nəfər, S.Hüseynov adına Xocavənd 1 saylı kənd tam orta məktəbdə 151 nəfər şagird iştirak edib.