30.08.2021

V Ümumrespublika Forumunda iştirak edəcək uşaqların seçilməsi məqsədilə seçim mərhələsi Ağcabədi rayonunda aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqların seçilməsi məqsədilə görüşlər davam edir. Növbəti seçim mərhələsi Ağcabədi rayonunda aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən görüşdə 13-17 yaş arasında olan 20 uşaq iştirak edib. Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən intellektual səviyyəsi yüksək olan, xüsusi bacarıqları və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və onların arasından üç nəfər seçilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova  bildirib ki, Forumun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Forum öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Uşaq Hüquqları haqqında BMT Konvensiyasını, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununu, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür. Forumda şəhid, qazi və döyüşçü ailələrdən, milli azlıqları, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqları təmsil edən nümayəndələrin də iştirakı nəzərdə tutulub. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən artıq Ağdam və Tərtər rayonları üzrə forumda iştirak edəcək uşaqların seçilməsi həyata keçirilib. Növbəti görüş Bərdə rayonunda olacaq.

Görüşdə iştirak edən Xumar Məmmədova Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarının keçirilməsinin uşaqların inkişafında, dünya görüşlərinin artmasında əhəmiyyətli olduğunu deyib: "Əgər Forumda iştirak etmək hüququ qazanaramsa, rayonumuzu yüksək səviyyədə təmsil edəcəyəm. Forumda fəal iştirak edəcək, gender bərabərliyi, valideyn-uşaq münasibətləri ilə bağlı təkliflər irəli sürəcək və yeni dostlar tapacağam".

Digər iştirakçı Fərid Quliyev isə deyib: "Çox istəyirəm ki, Uşaqların V Forumunda Ağcabədi rayonunu təmsil edim. Mən bu forumda iştirak etməklə öz dünyagörüşümü artırmaq istəyirəm. Forumda iştirak edərəmsə, orada irəli sürüləcək təkliflərim var. Ümid edirəm Forumda iştirak üçün seçilərəm".