07.10.2021

Ömrü yarımçıq qalan məktəbli Fəridin il mərasimi keçirilib

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində düşmənin dinc əhalini atəşə tutması nəticəsində 4 oktyabr 2020-ci ildə kafeyə düşən mərmi məktəbli Fərid Dilafət oğlu İsgəndərovun həyatına son qoydu. Fərid Dilafət oğlu İsgəndərov 11 avqust 2006-cı il tarixdə Ağcabədinin Taynaq kəndində dünyaya göz açıb. 2012-ci ildə Rabil Quliyev adına Taynaq kənd tam orta məktəbinin I sinfinə daxil olub. Çox vətənpərvər, mehriban olan Fərid Vətən müharibəsi başlananda IX sinifdə oxuyurdu. Düşmən öz xislətindən əl çəkmir, dinc əhalini də atəşə tuturdu. Belə atəş zamanı dinc həyatla məşğul olan Fərid də yanında düşən mərminin qurbanı oldu. Ömrün yeniyetmə çağında həyatla vidalaşıb şəhidlik zirvəsinə ucaldı.

Taynaq kəndində şəhid məktəbli Fərid İsgəndərovun il mərasimi keçirilib. Fəridin əziz xatirəsi müəllimləri və sinif yoldaşları tərəfindən oxuduğu sinifdədə anılıb. Onun, həm sinif rəhbəri, həm də tarix müəllimi olan Tapdıq müəllim Fərid haqqında xatirələrini bölüşüb. Fəridin vaxtı ilə oxuduğu məktəbin müəllim kollektivi və sinif yoldaşları onun kənd qəbristanlığındakı məzarını ziyarət edib, məzarı önünə əkil qoyub, tər gül dəstələri düzüblər. Onlar Fəridin xatirəsini yad edərək, ruhuna dualar oxuyublar.

Sonra müəllim və sinif yoldaşları Fəridgilin evlərinə gedərək, onun valideynləri ilə görüşüb, xatirələrini bölüşüblər. Mərasiminə gələn sinif yoldaşları Fəridin atası Dilafət, anası Rahilə və bacıları ilə Fərid haqqında xatirələrini danışıblar.