12.10.2021

“Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir” mövzusunda videokonfrans keçirilib

            12 oktyabr 2021-ci il tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il  ölkəmizdə “Nizami  Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq “Nizami Gəncəvi  Azərbaycan xalqının  bəşəriyyətə bəxş etdiyi dahişəxsiyyətlərdəndir” mövzusunda  videokonfrans keçirilib.

            Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirdi ki, bu il mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.

             Eldəniz Qənbərov qeyd etdi ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub. Nizami Gəncəvi öz dövrünün böyük vətənpərvəri olub. Hər bir əsərində o, hadisələri öz xalqının böyük keçmişi ilə əlaqələndirməyə çalışıb.

            Daha sonra çıxış edənlər rayon Təhsil Şöbəsinin əməkdaşı Əliş Rüstəmli, Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi Mahir Paşayev, şəhər 5 saylı tam orta məktəbin müəllimi Elnarə Əsədova şairin həyat və yaradıcılığından ətraflı bəhs edərək, bildiriblər ki, Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub. Dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünün ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır.