15.12.2021

“Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb

 Ağcabədi rayonunda “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb. Layihə rəhbəri Yeganə Abiyevanın verdiyi məlumata görə, layihənin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir. Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən əl işlərinin qəbulu aparılıb. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib. Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılıb və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunub. Layihənin bütün hissələrini özündə əks etdiran və uşaqların əl işlərini özündə əks etdirən jurnalın çap edilib. Qeyd edək ki, Abiyeva Yeganə Ağcabədi rayon 9 saylı tam orta məktəbdə informatika müəllimidir. Məktəbli qızların əl işləri sərgisi layihəsi Təshil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edib. Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilib.


Açar sözlər: ,  ,